Saturday, March 3, 2012
TQDK və Bazarın Müstəqil Fəaliyyəti
Friday, February 17, 2012
Xaricdə təhsil fikirlərinə bəzi əlavələr
İkinci hissə: Xaricdə təhsil proqramına alternativ
Bir çoxları “dövlət xaricdə təhsili maliyyəlişdirməlidir?” sualının cavabını sözsüz “hə” kimi qəbul etsə də, ilk növbədə “niyə?” hissəsi ilə başlamaq lazımdır. Çox liberal mövqeli oxucular xüsusilə dövlətin təhsili maliyyələşdirməsinin əleyhinə arqumentlər irəli sürə bilərlər. Bu səbəbdən, cavabı bəlkə də tam aydın görsənən sualı daha dərindən cavablandırmaq lazımdır.
Dövlətin verdiyi güzəştlərin məbləği necə müəyyən olunmalıdır?
Yuxarıdakı fikirləri hansı istiqamətdə qurduğumu hiss edən oxucu hər halda bu sualı da necə cavablandıracağımı təxmin edə bilər. Dövlətin güzəştli şərtlərlə kredit verməsinin bir səbəbi olmalıdır – bazar şərtləri altında mümkün olmayan təhsili mümkün etmək. Ona görə də, çox böyük güzəştin verilməsi oxşar olaraq vergi ödəyicilərinin pullarının israfı ilə nəticələnəcək. Digər tərəfdən, güzəşt məbləği çox kiçik olarsa, güzəşt proqramı optimal fəaliyyət göstərməyəcək.
Güzəştlər necə bölüşdürülməlidir?
Əgər buraya kimi yazdıqlarımla oxucuların çoxları razılaşırdısa belə, bu hissə daha çox mübahisə mövzusudur. Rahatlıq üçün fikirləri əsas 2 hissəyə bölmək olar:
Bu fikri dəstəkləyənlərin əsas arqumenti odur ki, müxtəlif sahələr üzrə maaşlar da müxtəlif olaraq bölünüb. Ona görə də, yüksək gəlirli sahələrlə aşağı gəlirli sahələrə eyni qədər güzəşt vermək düzgün deyil. Həmçinin də, bəzi sahələrin cəmiyyət üçün faydası digərlərindən daha çoxdur və faydası çox olan sahələrə daha çox güzəşt verilməlidir. Mən bu arqumentlərlə bir neçə səbəbə görə razılaşmıram:
Yuxarıdakı fikrin alternativi bütün sahələr üzrə eyni güzəşt dərəcəsini tətbiq etməkdir. Əvvəlki hissələri ilk növbədə bu fikri nəzərdə tutaraq yazdığım üçün, eyni arqumentləri təkrarlamaq istəmirəm. Qısa şəkildə ümumiləşdirmək olar ki, lazımlı sahələr daha gəlirli olmaqla onlarda oxumağa maraq yaradacaqlar və təhsil haqqı adətən gəlirlilik, faydalılıq (ikincini qismən) kimi faktorları özündə əks etdiridiyindən bütün sahələr üçün eyni güzəşt dərəcəsinin tətbiqi normal fəaliyyət göstərəcək.
Bu təklifin praktiki reallaşdırılması sual altındadır, amma yenə də mənə çox maraqlı gəldiyindən bölüşmək istəyirəm. Ölkədə fəaliyyət göstərən şirkətlərin çoxunda ixtisaslı kadrlara kifayət qədər ciddi tələb var. Müşahidələrimə əsasən deyə bilərəm ki, şirkətlərin bir çoxu öz kadrlarının əmək bacarığını artırmaq üçün əlavə xərclərə hazırdırlar. Şirkətlərin əksəriyyətində mövcud olan treninq proqramları, SOCAR/BP kimi böyük şirkətlərin isə hətta gələcək işçilərini öz hesabına xaricdə təhsilə göndərməkləri buna nümunədir. Təxmin etmək olar ki, bir çox şirkət daha bacarıqlı işçi üçün müəyyən xərc çəkməyə hazırdır, lakin işçinin xaricdə təhsilini maliyyələşdirmək böyük vəsait tələb etdiyindən yalnız böyük şirkətlər hazırda bunu həyata keçirə bilir.
Saturday, January 21, 2012
Xaricdə təhsil proqramına alternativ yanaşma
Kredit sisteminin ümumilikdə təqaüd sistemində daha effektiv olduğundan əmin olsam, bəzi “layiqli” kateqoriyasına düşən kütləni imkandan məhdudlaşdıra bilər. Ona görə təqaüd sistemini daha kiçik ölçüdə olsa da qüvvədə saxlayan növbəti sistemi nəzərdən keçirmək olar. Azərbaycan neft sərvətlərinin hesabına bir çox ölkələrdən daha əlverişli vəziyyətdədir. Maliyyə sərvətlərimizin bir hissəsini gələcək nəsillərə ötürmək üçün neft fondumuz mövcuddur və neft fondunun bu məqsədinə zərər vurmadan təhsil imkanlarını daha geniş etmək olar:
- Dövlət neft fondu kredit üçün büdcəni ayırır, müraciət edən hər kəs kredit ala bilər. Kreditə görə gələcəkdə olan ödənişlərə maliyyə sərvətlərini ötürməyin bir üsulu kimi baxmaq olar.
- Təhsil nazirliyi ayrılmış büdcədən kreditlər üzrə itirilmiş faiz və ya digər gəlirləri Neft Fonduna kompensasiya edir, beləliklə gələcəyə ötürülmüş pullar üzrə itki aradan qaldırılır
- Nazirliyin büdcəsinin qalan hissəsi təqaüd şəklində verilməyə davam edir
Təklifi formalaşdıranda əsas məqəsdim elə bir sistem hazırlamaq idi ki, əlavə heç bir xərc tələb etməsin və bununla belə daha çox tələbənin təhsil almasına imkan yaratsın.
Monday, January 2, 2012
Xaricdə təhsil proqramının iqtisadi təhlili
Bloqa mənə çox yaxın olan mövzu ilə başlamaq istəyirəm. İlkin baxışda xaricdə təhsil qeyri-adi bir mövzu deyil, lakin mənim müşahidələrimdən aşağıdakı fikirlərin çoxu diqqətdən kənar qalıb. Həmçinin, bu yazı dövlətin tam səmimiyyətlə, daha faydalı nəticəyə nail olmaq məqsədi ilə müdaxilə etməsinin əslində nə dərəcədə effektsiz olmasına tipik nümunə rolunu da oynaya bilər. Bu yazıda mən ancaq tənqidi fikirlərimi yazacağam, məsələni mənim fikrimcə necə həll etmək olar sualını sonrakı yazıda cavablandırmağı planlaşdırıram.
İstənilən bir ölkənin inkişaf səviyyəsini müəyyən edən əsas bir neçə faktora baxsaq, cəmiyyətin təhsil səviyyəsini iqtisadi inkişafa təsir edən ən əhəmiyyətli amillər sırasında görmək olar. Sahibkarlıq qabiliyyəti, texnoloji inkişaf, əməyin məhsuldarlığı və s.-ni də təhsilin bir məhsulu olduğunu qəbul eləsək, uznmüddətli dövrdə inkişafı təmin edən bəlkə də ən əsas amil təhsil olar.
Azərbaycanda təhsilin acınacaqlı vəziyyəti hər halda çoxlarınıza məlumdur. Ona görə tələbələrin xaricdə təhsil almaqları yuxarıda dediyim təhsil səviyyəsini qaldırmaqda xüsusi rol oynayır. Orta Azərbaycan ailəsinin gəliri xaricdə təhsil xərclərini qarşılamağa çətin bəs etsin, özəl sektorda təklif olunan məhsulların (bank kreditlərinin) şərtləri isə çətin hansısa tələbəyə əlverişli görsənsin. Bu nöqtədən baxanda, təhsil nazirliyinin təklif etdiyi proqram çox böyük boşluğu doldurur. Proqramın strukturuna da ilk baxışda bəlkə fikirləşmək olar ki, proqram cəmiyyətə maksimum fayda verəcək şəkildə qurulub. Nazirlik mövqeyindən baxsaq məsələyə - “Azərbaycanda müəyyən sahələrdə peşəkarlara tələb digərlərindən daha çoxdur – ona görə yalnız prioritet sahədə oxuyan tələbələrə maliyyə ayıracağıq. Bizim büdcəmiz getmək istəyən bütün tələbələrin xərcini qarşılamağa bəs deyil, ona görə sənədlərə baxıb ən layiqliləri seçib, onlara maliyyə yardımı ayıracağıq”. Nə qədər qəribə səslənsə də belə, bu struktur yuxarıdakı məqsədləri əldə etməkdə effektiv deyil.
Daha yaxından baxsaq, əslində ölkə üçün ümumilikdə fayda gətirməsi üçün qəbul olunmuş elementlərin nə qədər də zərər verdiyini görmək olar:
1. Prioritet ixtisaslar. Proqramın strukturunda əsas çatışmazlıqlardan biri – onun yerli bazarda ən lazımlı ixtisasların hansıların olduğunu bildiyini hesab etməsidir. Doğrudan da, əgər təhsil yalnız müəyyən, “ölkəyə bu ixtisaslar lazımdır” hesab etdiyi sahələrə pul ayırırsa, dövlətin siyahıya daxil etmədiyi, lakin faktiki olaraq lazımlı sahələr bundan yalnız ziyana uğrayacaq. Əslində, əgər tələbələrin ölkəyə lazımlı ixtisaslarla təhsil almasını təmin etmək məqsəddirsə - ən yaxşı üsul heç bir siyahını hazırlamamaqdır.
Ölkədə hansısa sahədə mütəxəssisə tələb böyük olduqda, həmin sahə üzrə maaşlar artır. Artan maaş isə əmək bazarında “siqnaldır” və yüksək maaş qazanmaq imkanı bu sahəyə olan marağı artırır. Heç bir kəs, əmək bazarında olan bütün bu “siqnalları” kiçik bir siyahıda əhatə edə bilməz. Ona görə, insanların özündə hansı sahədə tələb varsa, o sahədə də oxumaq meyli var. Proqramın maksimum effektivliyi – heç bir siyahını hazırlamadan seçimi kütləyə buraxmaqdır. Paradoksal səslənə bilər, amma kütlənin özünün ixtisaslar üzrə bölüşməsi istənilən siyahı hazırlayandan daha effektivdir.
Prioritet siyahılar isə 2 problem yaradır – ölkədə bəlkə də lazım olmayan ixtisaslar üzrə təhsil imkanları, ölkədə doğrudan lazım olan ixtisaslar üzrə təhsil imkanının olmaması. Artıq dediyim kimi, heç kəs bazarı hər bir detalında bilə bilməz və hazırlanmış “prioritet ixtisaslar siyahı”-larının hamısı bu problemə məhkumdurlar. İndiki proqramdan xəbəri olanlar belə hallara nümunələrin çox olması ilə razılaşarlar.
2. Prioritet ixtisasda oxumaq gələcəkdə prioritet ixtisasda çalışmaq anlamına gəlmir. İnsanların sadəcə yeni ölkə və mühitdə yaşamaq həvəsi var. Ona görə, çox adam bəlkə də ona maraqsız olan sahədə belə oxumağa hazırdır və qayıtdıqdan sonra həmin sahədə işləmək fikri yoxdur. Bəlkə də, ona özünə maraqlı olan sahədə oxumaq imkanı verilsə idi, gələcəkdə peşəkar işçi olardı. İndi isə, dövlət pullarının havaya sovrulması.
3. Seçim prosesi. Yuxarıda deyildiyi kimi, dövlət “ən layiqli” olanları özü seçir. Proqram üçün ayrılmış büdcə bütün ixtisaslar üçün ümumidir. Həm iqtisadiyyat oxuyacaq, həm də fizika oxuyacaq tələbələr eyni vəsait üçün rəqabət aparırlar. Belə iki fərqli sahədə oxuyacaq tələbəni necə effektiv müqayisə edib, hanısının ölkəyə daha lazımlı olmasını müəyyən etmək, tamamilə fərqli sahədən olan tələbələr arasında düzgün müqayisə aparıb seçim etmək necə mümkündür? Hətta eyni ixtisas çərçivəsində belə seçimin düzgünlüyünü şübhə altına almaq olar. Mən əminəm ki, belə müqayisələrdə də böyük səhvlərə yol verilir. Bəlkə də oxucu fikirləşə bilər ki, hər ixtisas üçün ayrıca büdcənin ayrılması bu problemi qismən həll edə bilər, lakin qeyd etməliyəm ki, bu üsul effektiv deyil və daha da böyük problemlərin yaranması ilə nəticələnə bilər (daha ətraflı sonrakı yazıda).
Yuxarıda göstərilmiş problemlələri həll edəcək sistem mənim fikrimcə mövcuddur, həmçinin bütün qəribəliyi ilə birlikdə, həmin sistem dövlətə hətta daha az maliyyə vəsaiti xərcləməyə də icazə verir. Hələlik isə yalnız tənqidim ilə kifayətlənirəm.
Yenidən!!!
Nəhayət ki, bloqda üç ildir edən səssizliyi pozmaq qərarına gəldim. Bu səhifədə birinci dəfə olanlar haqlı olaraq deyə bilərlər ki, burada üç il əvvəl hansısa yazının olmasına işarə belə yoxdur. Səbəb, son illər ərzində baxışlarımda olan dəyişiklikdir. Ən azı əvvəl yazdığım qədər yazı yazmamış köhnə yazıları yenidən göstərmək istəmirəm. Aydın məsələ, yazıların müəllifi eyni adam olaraq qalır və köhnə bloqu oxuyanlar qoyulan suallarda əvvəlki yazılarla oxşarlığı rahtlıqla görə bilərlər.
Bloqqinq aləminə yeni və uğurlu səyahət ümidi ilə!