Saturday, January 21, 2012

Xaricdə təhsil proqramına alternativ yanaşma


Bu yazı daha öncə bu bloqda paylaşdığım digər yazının davamıdır. Buradakı fikirlər birinci hissənin məntiqi davamı olduğundan, yalnız ilk hissəni oxuduqdan sonra bu yazını oxumağı xahiş edirəm. Həmçinin birinci hissə ilə bağlı verilmiş şərhlərə görə hamıya təşəkkür etmək istəyirəm, yazmağı unutduğum bəzi fikirləri xatırlatdınız.

Xaricdə təhsil proqramının çatışmazlıqlarından söhbət açarkən çox insan haqlı olaraq ilk növbədə proqramın hazırki korrupsiya səviyyəsini vurğulayır. Şəxsən mənim fikrimcə, rüşvətin cəzalandırmadığı bir mühitdə kiminsə vəzifəsindən sui-istifadə etməsi qəribə hal kimi gəlməli deyil. Cəzalanmayacağını əvvəlcədən bilən hər kəs üçün rüşvət risksiz gəlir mənbəyidir və bu gəlirdən imtina etməyə yalnız “insaf” və “vicdan” kimi faktorlar vadar edə bilər. Əfsuslar ki, bu faktorlar uzunmüddətli dövrdə çoxları üçün əhəmiyyətini itirir.  Ona görə, yazdığım həll üsulunu mümkün qədər insan faktorundan uzaq şəkildə formalaşdırmağa çalışmışam. Digər tərəfdən, proqramın şəffaf şəkildə həyata keçirilməsi bir çox problemləri həll etsə də, mənim birinci hissədə vurğuladığım problemlərin səbəbi vəzifədən sui-istifadə deyil. Əvvəlcədən həmçinin söyləməliyəm, müzakirə etdiyim həll bakalavr proqramlarında oxuyanlardan çox maqistratura proqramlarında oxuyanlar üçün effektivdir.

Fikrimi çalışacağam bir neçə abstrakt nümunələr ardıcıllığı ilə izah edim. Hesab edək ki, xaricdə təhsil almaq üçün ayrılmış büdcə 100 nəfərin təhsilinə kifayət edir və müxtəlif şərtlər altında bu büdcəyə tələbin necə dəyişdiyini nəzərdən keçirək. Sonda, gələcəyim nəticə ilə proqramın indiki formasını müqayisə etməyə çalışacağam.
İndiki formasında proqram pulsuzdur, yəni təqaüd proqramın iştirak edən heç bir kəs buna görə heç bir ödəniş etmir. İnsanlara bir şey pulsuz verildiyində onların davranışı istənilən nəticədən çox fərqli ola bilər. Bu halda da, ölkə xaricində uzun müddət vaxt keçirmək istəyən hər bir kəs üçün öz hesabına bunu etməkdənsə, proqrama müraciət etmək daha sərfəlidir. Həmçinin, təhsilinin müqabilində alacağı əmək məhsuldarlığından asılı olmayaraq hər kəs proqramda iştirak etməyə maraqlı olur. Ona görə, qiymətin sıfır olduğu halda tələbin çox böyük olduğunu görmək təəccüblü deyil. Nümunəni sadələşdirmək üçün, hesab edək hər il 500 nəfər müraciət edir və sonra təhsil nazirliyində oturanlar 500 nəfərin içərisində öz fikirlərinə görə ən layiqli olan 100 nəfəri seçirlər.

Təsəvvür edin təhsil nazirliyi elan edir ki, proqramda iştirak etmiş hər bir kəs təhsilini bitirdikdən sonra təhsil xərclərinin 20%-ni geri qaytarmalıdır. Əvvəlkindən fərqli olaraq, indi proqram pulsuz deyil – təhsil xərclərinin 20%-i proqramın qiymətidir. Ona görə, proqrama müraciət edənlərin də sayı azalacaq (oxucu təxmin edə bilər ki, ilk növbədə təhsilə çəkilmiş xərc qarşılığında uyğun dəyər almayanlar proqrama müraciət etməyəcək). Hesab edək ki, 20% geri ödəniş şərti ilə yalnız 400 nəfər müraciət etməyi qərar verir. Oxşar məntiqlə, tutalım 30% geri ödəniş ilə 300, 40% geri ödəniş ilə 200 və 50% geri ödəniş ilə 100 nəfər.

Əgər geri ödəniş tələb olunarsa, bir çox potensial tələbə üçün dövlət proqramı marağını itirəcək. İlk növbədə, bu o şəxslər olacaq ki, təhsillərinə çəkilmiş xərc qarşısında ona uyğun dəyər həll etməsinlər. Digər tərəfdən, alacağı təhsilin faydasından əmin olan hər bir kəs bu sistem altında maliyyələşmə ala biləcək. Daha sadə sözlərlə, hər bir kəsin ilkin gözləntiləri var: həm gələcək karyera gözləntisi, həm də təhsildən alacağı fayda. O şəxslər ki, karyera cəhətdən əmin deyillər və ya xərclərinə uyğun gəlir əldə etməyəcəklər, onlara bu sistemdən bəhrələnmək faydalı olmayacaq. Təbii olaraq, gələcək imkanlarına güvənən və təhsil xərclərindən daha çox gəlir gözləyən hər bir kəs bu sistemdən faydalanacaq.

İlk olaraq ödəniş sisteminin proqramın indiki çatışmazlıqlarını necə qarşıladığına nəzər yetirək:

1. “Prioritet ixtisaslar”. Əvvəlki hissədə izah etmişdim ki, iqtisadiyyat özü əmək qüvvəsini “prioritet ixtisaslara” yönəldir. Belə ki, hansısa sahəyə tələb artdığında həmin sahədə maaşlar da artaraq oraya marağı artırır. Həmçinin, vurğulamışdım ki, iqtisadiyyata “əsl lazım olan” ixtisasların siyahısını heç kəs siyahıda ümumiləşdir bilməz.
Mən əminəm ki, geri ödəniş əsl lazımlı ixtisaslarda oxuyan tələbələr üçün daha çox şans yaradır. Belə ki, yüksək gəlir gözləntisi olanlar ya yüksək istedadlı tələbələrdir, ya da tələb böyük olan sahələrdə çalışanlar. Hər ikisi bu şərtlər altında maneəsiz təhsil almaq imktanı qazanır.

2. Pulların bölüşdürülməsi. Birinci hissədə unutduğum, sonradan mənə şərhlərdə xatırladılan daha bir çatışmazlıq. Təqaüd proqramı altında tələbələr hər hansı bir təhsil səviyyəsi üçün daha ucuz universitet seçməkdə maraqlı deyillər. Məsələn, təhsil səviyyələri oxşar olan Almaniya və İngiltərə universitetləri arasında illik ödəniş 10 min avroya yaxın fərq olsa belə, çoxları İngiltərəyə üstünlük verir. Effektiv olaraq, bu pul daha bir tələbənin təhsilinə ayrıla bilərdi.
Geri ödəniş tələb olunduğu halda hər kəsin birbaşa marağındadır ki, daha ucuz xərc olacaq universiteti seçsin. Həmçinin, yaşayış xərcləri üçün lazım olandan daha çox götürmək də tələbənin marağında olmayacaq.

3. Seçimin ədalətliliyi. Əvvəlki halda fərqli olaraq, heç kəs ədalətsiz seçim haqqında şikayət etmək hüququnda olmayacaq. Belə ki, təhsil alıb-almamaq qərarını kabinetdə oturan bir qrup şəxs deyil, həmin şəxsin özü verir. Seçimdə olan səhv imkanı aradan qalxır, belə ki, hər kəs öz bacarığı haqqında hamıdan çox məlumatlıdır. Seçim qərarını öz verməklə hər bir kəs öz bacarığını nazirlikdəkilərdən daha düzgün qiymətləndirir və daha ədalətli qərar verir.

Kredit sisteminin ümumilikdə təqaüd sistemində daha effektiv olduğundan əmin olsam, bəzi “layiqli” kateqoriyasına düşən kütləni imkandan məhdudlaşdıra bilər. Ona görə təqaüd sistemini daha kiçik ölçüdə olsa da qüvvədə saxlayan növbəti sistemi nəzərdən keçirmək olar. Azərbaycan neft sərvətlərinin hesabına bir çox ölkələrdən daha əlverişli vəziyyətdədir. Maliyyə sərvətlərimizin bir hissəsini gələcək nəsillərə ötürmək üçün neft fondumuz mövcuddur və neft fondunun bu məqsədinə zərər vurmadan təhsil imkanlarını daha geniş etmək olar:


  • Dövlət neft fondu kredit üçün büdcəni ayırır, müraciət edən hər kəs kredit ala bilər. Kreditə görə gələcəkdə olan ödənişlərə maliyyə sərvətlərini ötürməyin bir üsulu kimi baxmaq olar.
  • Təhsil nazirliyi ayrılmış büdcədən kreditlər üzrə itirilmiş faiz və ya digər gəlirləri Neft Fonduna kompensasiya edir, beləliklə gələcəyə ötürülmüş pullar üzrə itki aradan qaldırılır
  • Nazirliyin büdcəsinin qalan hissəsi təqaüd şəklində verilməyə davam edir

Təklifi formalaşdıranda əsas məqəsdim elə bir sistem hazırlamaq idi ki, əlavə heç bir xərc tələb etməsin və bununla belə daha çox tələbənin təhsil almasına imkan yaratsın.


İnkişaf etmiş ölkələrin bir çoxunda hətta solçular belə təhsilin təqaüd ilə deyil, kreditlə maliyyələşdirilməsini dəstkələyirlər. Mənim fikrimcə də kredit sistemi daha effektivdir, belə ki, hər kəs çəkilmiş xərcə görə birbaşa məsuliyyət daşıyanda resursları daha effektiv bölüşdürmək mümkündür. Bununla belə, əgər geri ödəniş həyata keçirmək qabiliyyətində olmayan hansısa qrupların təhsil alması vacib hesab olunarsa, qalan təqaüd büdcəsindən onları maliyyələşdirmək olar. Uzun olan yazının daha da uzun olmaması üçün daha ətraflı yazmayacağam. Yuxarıdakı ilə birlikdə mənim fikrimcə daha az effektiv olan bir neçə alternativ fikrim də var. Maraq böyük olarsa gələcəkdə yenidən bu mövzuya bəlkə yenə qayıtdım.

7 comments:

kanankarim said...

Rüşvət məsələsi ilə bağlı eşitdiyim qədəriylə o qədər də asan deyil proqramı keçmək, ötən illərin təcrübəsinə inansaq heç də bütün pul verənlərin qəbulu mümkün olmamışdı. Daha çox qohumluq-tanışlıq-tapşırılma faktorunun ağırlığını qeyd etmək lazımdır məncə. İnstitusional inamın olmamağı əsas problemdir, məsələn TQDK-nın bir qurum olaraq şəffaflığına kasıb kəndçi babadan tutmuş ən yuxarıya qədər hamının inamı var.

Kredit sistemi ilə bağlı ilə də bir neçə fikirlərim var.

Birincisi, Azərbaycan kimi bazarda 'return' çox olduğundan ölkədəki bankların təhsilə kredit verməsi real görünmür-olsada çox yüksək faizə, bu da çox açıq dövlət müdaxiləsi gərəkdirir, qeyd etdiyin kimi vəsaitlərin ayrılması gərək SOFAZ-dan vəya digər mənbədən həyata keçrilsin. Bu kredit proqramının hələ dizayn mərhələsidir, hansı şərtlərlə və hansı banklarla işləməkdən tutmuş n-ə kimi məsələlərə aydınlıq gətirilməsi bizimkilərin bacarmadığı tərəflərdir, bu dəyişiklik uzun çəkər əfəndi, çox uzun. Məsələn, proqramda olan 5 il ölkəyə qayıtmaq şərti çox adamı uzaqlaşdıra bilər-belə ki baha xarici təhsilin pulunu Bakıya qayıdıb bir neçə on ilə çıxarmaq olar ən yaxşı halda (Amerika universitetləri dəlicəsinə bahadır)

İkincisi, müzakirə etdiyin həll yolunun magistrlərə aid etməyin çox məntiqlidir, amma məncə daha dəqiq birşey demək üçün bütün master oxuyanların çox spesifik bir hissəsini aid etmək olar bu kateqoriyaya. Bunun üçün də məzun olduqdan sonra bazardakı vəziyyətə, məzunlara hansı səviyyədə tələb olduğuna, bir sözlə,- 'return'-ə baxmaq lazımdır. Məsələn, social work sahəsində bir amerika universitetində oxuyacaq şəxsin bu pulu qaytara bilməsi üçün nəqədər müddət lazımdır gəl bunu düşünək. 'High-paying' işlər olmayan sahələrdə kredit götürüb oxumaq nisbətən mənasız görünür. Əlbəttə, təhsil kreditinin uzunmüddətli və aşağı faizli olmasını yaddan çıxarmıram, amma yenə də məsələnin bu tərəfi mənə qaranlıqdır.

Üçüncüsü, güman edirəm ki məsələni sadələşdirmək üçün bu misalı istifadə edibsən. Amma nümunə olaraq hər il xaricdə təhsilə olan tələbi 500 nəfər həddində saxlamağın və sonra təhsil haqqının bir hissəsini dövlət istəsə bu sayı azaldacaq deyə qeydin biraz mənə bizim bazara görə şübhəli görünür. Mənim gördüyüm qədəriylə Bakıdakı ingilis dili kurslarının, xaricə tələbə göndərən kursların, əhalinin ortalama gəlirlərinin artması və.s kimi faktorlar xaricdə oxumağı daha da əlçatan edir, nəticədə hər il xaricə getmək istəyənlərin sayı bir xeyli artır-sadəcə olaraq 'eligibility' faktorları çoxları üçün limit xarakteri daşıyır. Mən də bu baxımdan düşünürəm ki kredit sistemimin gəlişi ilə tələbə gələn limit, sadaladığım faktorlar tərəfindən müəyyən mənada 'offset' edilir. Nəticədə, yenə 500 nəfərin tələbi var vəya daha çox adamın. Yəni hesab etmirəm ki geri ödəniş tələb olunsa və kredit sistemi gəlsə, proqrama maraq itəcək. Əksinə, deyərdim ki proqramının 'input'-ları daha yaxşı təyin edilsə, bir çox əlavə müstəqil və digər proqramlarla gedənlərin bura marağı yarana bilər.

Pulların bölüşdürülməsi ilə fikrinə qatılmıram, ən azı ona görə ki bunun üçün proqramın məqsədi dəqiq olmalıdır. Biz nə istəyirik? Daha çox adam getsin xaricdə oxusun, yoxsa daha səviyyəli yerlərdə daha peşəkar təhsil alsınlar? Bu suala cavab verilmədən çox çətindi nəsə demək. Məsələn, onda belə demək olar ki ümumiyyətlə Amerika universitetlərinə və xüsusən MBA təhsilinə tələbə göndərməyək, əvəzində 4-5 tələbəni Almaniyada oxudaq?

Alternativ olaraq mən hesab edirəm ki indiki proqram olduğu kimi qala bilər, sadəcə top20-30 universitet seçilə bilər məsələn ki bu universitetlərin çox yaxşı fakültələrinə daxil olanların təhsili heçbir sualsız maliyyələşdirilsin. Amma yenə də sual o olacaq ki bunu necə müəyyən etmək olar?

Çox heyif ki 'data' yoxdur, birmənalı heç nə deyə bilmirik :))
Kənan

kanankarim said...

Nürəddin qardaş, çox sağol gözəl yazıya görə, maraqla oxudum və fikirlərinin bir çoxunu bölüşürəm. Kredit sisteminin də uzun müddətdə tətbiqinin tərəfdarıyam, amma bu proqrama bir alternativ kimi. Sadəcə mənə elə gəlir ki bizim proqramın 'input'-ları dəqiq deyil və ciddi konstruksiyaya ehtiyac var. Əla davamı gəlsin. Yazdığım şərh çox uzundur, oxuyub bəzi məqamları aydınlatsan minnətdar olaram. Təbii ki bu bir bloq yazısına sığan söhbət deyil.
Ardı gəlsin. Eşq olsun! :)

Nijat said...

Kənan, çox ətraflı və maraqlı şərh yazmısan. Əksər hissəsi ilə razıyam. Nürəddinin buna cavabı mənə də maraqlıdır, amma dediklərinlə bağlı öz mövqeyimdən bəzi fikirlərimi paylaşmaq istəyirəm. Günün sonunda məqsəd hazırki sistemdən çox daha optimal olan bir system müəyyənləşdirməkdir. Təklif olunan alternative ideal olmaya bilər amma bəzi məqamları işləməklə onu ideala yaxınlaşdırmaq olar. Bu işdə də şərhlər və müzakirələr, başqa alternative təkliflərin rolu böyükdür.

1) Birincisi, güman edirəm ki, alternativ proqramda ölkəyə qayıtmaq və ya ixtisas seçimi kimi baryerlər aradan qaldırılır. Bu isə proqrama müraciət edənlərin sayını artırmağa imkan yaradır. Çünki, kredit almağa qərarı nazirlik deyil, universitetə qəbul olan tələbə verir. Kreditin bir hissəsinin qaytarılması şərti bir vacib məsələni müəyyən edir – yəni, bu şərt proqramda artıq istənilən tələbənin deyil, gələcəkdə təhsilindən iqtisadi səmərə götürə biləcək tələbələrin qalmasını təmin edir. Lakin kreditin qaytarılması əhəmiyyətli yük olmur – uzun müddətdə (10 il və ya daha çox) aşağı faizlə kredit iqtisadi səmərə əldə edəcək tələbənin aylıq məvacibinin çox kiçik hissəsinə çevrilir. Bu zaman şərt qoymaq lazımdır ki, kreditin ödənilməsi tələbənin iş tapdığı andan bir müddət sonra (məsələn, 1 il sonra) başlanır. Nəticədə həm tələbə qazanır (təhsil), həm dövlət (kredit), həm də cəmiyyət (yaranan məcmu iqtisadi səmərə əvvəlkindən daha çox olur)

2) Social sahələrə bazarda tələb varsa, bu bazardakı əmək haqqı ilə müəyyən olunur. Əgər hansısa sahəyə əmək haqqı aşağıdırsa onda demək həmin sahəyə tələb də aşağıdır. Buna görə bu sahələrdə oxumaq üçün məhdud sayda tələbəni hazırki sistemlə (sadəcə daha az büdcə və daha az qəbul sayı ilə) maliyyələşdirmək lazımdır. Bu zaman məhdud tələbə sayını nazirlik (qərarverən orqan) ehtiyaca görə müəyyən edir. Qaranlıq məqam isə odur ki, bəzi sahələrdə (elm – fizika, kimya və s.) əmək haqqı aşağı olsa da, bu sahələrdə yaranan “positive externality” (iqtisadi səmərə) çoxdur. Problem orasındadır ki, bu sahədə oxumaq üçün müraciət edən tələbələrin sayı daha azdır, və onsuz da həmin sahələri bitirən tələbələr qayıtdıqdan sonra fərqli sahələrdə çalışmağa meyl edirlər. Ona görə də elm məsələsində fundamental problem maaşların aşağı olmasındadır. Bunun birmənalı həlli maaşların qaldırılmasıdır.

3) Düz qeyd etmisən ki, hazırki alternativdə müraciət edənlərin sayı azala bilər, amma bazarda həqiqi ehtiyac duyulan sahələrdə oxumaq üçün müraciət edən tələbələrin sayı artacaq.

4) Pulların bölüşdürülməsi ilə bağlı - güman edirəm ki, alternativ sistemdə həm Almaniyada oxuyacaq tələbələr (daha az gələcək gəlir gözləntisi olan tələbə), həm də top universitetlərdə MBA və ya digər sahə oxuyan tələbələr (gələcək gəlir gözləntisi yüksək olan) sayısı artacaq. Yaddan çıxarmayaq ki, bu gün bir çox tələbənin proqramda iştirak etməməsində əsas səbəblər ixtisas problemi, 5 il baryeri və seçimdir. Alternativ sistemdə nəzərdə tutmaq lazımdır ki, ölkəyə qayıtmayan tələbələr proqramın xərcini 100% qaytarmağa borclu olacaq, lakin xaricdə daha yüksək maaşla qalıb işləməkdə sərbəst olacaqlar.

Məsələyə öz nəzər nöqtəmdə şərh verdim, Nürəddinin və sənin də fikirlərini eşitmək istərdim bunlarla bağlı.

Nuraddin Samadzadeh said...

Kənan, sən sağ ol şərhinə görə. Çalışacağam hər fikrini ayrıca cavablandırım

1. Azərbaycanda bank sisteminin bu problemi həll etmədiyi ilə razılaşıram, ona görə dövlətin kredit ayırması fikrinin tərəfdarıyam. Bu sistemi məncə bankların vasitəçiliyi olmadan da qurmaq olar, amma indi əsas müzakirə ideanın özüdür nəyinki onu necə reallaşıdracağımız.

Sənin facebook hesabıda Elchin m. şərhində bildirdiyi kimi, geri qayıdanlara güzəşt tətbiq oluna bilər. 5 il ölkəyə qayıtmaq şərtinə onsuz da nəzarət yoxdur.


2. Razıyam, müəyyən sahələrdə oxuyanların daha çox üstünlüyü olacaq. Qismən razılaşmıram, çünki uzunmüddətli və güzəştli ödənişləri nəzərə alsaq, istənilən sahədə fəaliyyət göstərən bacarıqlı insanın əmək haqqısı geri ödənişə bəs etməlidir.

Başqa tərəfdən baxanda, hətta təhsil xərclərini qarşılaya biləcək qədər "return" olmayan sahələr adətən yüksək bilik tələb etməyən və əlavə təhsili olmayan insanın da çalışa biləcəyi sahələrdir. Bu sahələrdə maraqlananların təhsil imkanını itirməsi "social cost" cəhətdən bəlkə də o qədər böyük deyil.

3. Tam başa düşmədiyim fikirdir, ona görə cavab da natamam ola bilər. İstənilən halda, xaricdə təhsilə maraq təbii surətdə artsa belə, həmin maraq geri ödəniş tələb olunmasa daha çox olar nəinki ödəniş tələb olunarsa. Basic economics, qiymət artdıqca həmişə tələb azalır. Nəzəri olaraq geri ödənişi elə həddə qaldırmaq olar ki, yenə də həmin şərtlərlə borc almağa eyni sayda adam razılaşsın. Praktiki tərəfini sual altına salmaq olar amma)

4. Pulların bölüşdürülməsinə gələrkən, məncə sən fikrimi tam anlamamısan. İndiki halda, Avropada istirahət üçün gedənlər də xərcləridə bir məsuliyyət daşımadıqları üçün, rahatlıqla istədikləri şəhərdə yerləşən təhsil haqqı yüksək universitetləri də seçirlər. Əgər geri ödəniş olarsa, bu növ insanlar ya seçimlərində daha ehtiyatlı olarlar çünki əlavə xərc artıq onlardan gedir, ya da istirahət pullarını sonradan geri qaytararlar ki, bu da daha ədalətlidir. Təxmin etmək olar çoxunun seçimi 1ci olacaq, bu da ki, digərləri üçün əlavə vəsait saxlamağa kömək edəcək.

Axırıncı fikir ilə razılaşmıram. Sadəcə onların təhsil haqqının bir hissəsinə daha çox güzəşt tətbiq oluna bilər ki, bitirdikdən sonra çətinlik olmasın geri qaytarmağa.

Nuraddin Samadzadeh said...

Kiçik bir qeyd, adım NURəddindir, NÜRəddin yox

Lale said...

Salam,
Yaziya gore teshekkur, chunki bir telebe kimi bu movzu meni de maraqlandirib hemishe.
Bundan onceki movzuya ele bu haqqda sherh yazmaq isteyirdim. Fikrimce, Azerbaycan uchun her bir sahe prioritetdi, chunki hansi sahede esasli kadrlar var ki, yalniz bir neche saheni prioritet kimi de gotururler.
Almaniyada Bafog adli teqaud var (elde etdiyim melumatlara esasen yazacam). Bu teqaud valideynlerinin iqtisadi durumu ashagi olan Almaniya vetendashlarina verilir. Sherti ise ondan ibaretdir ki, ishlediyi muddetde telebe teqaudun bir hissesini dovletin budcesine qaytarmalidi. Bele bir usul, shertleri adaptasiya etmekle, dogrudan da effektiv olar Bu halda, telebe hem azad sechim aparacaq, hem de shertleri nezere alaraq nece addim atacagini qerarlashdiracaq. Hal hazirda ise sirf hansisa saheler "prioritet" adlandirildigi uchun telebeler mehz hemin saheler uzre oxumaga mecburdular.
Eger proqram dogrudan da, Azerbaycana ixtisasli kadrlar yigmaq uchun nezerde tutulubsa shertlerine de ciddi riayet olunsun. Bildiyime gore, shertler beledir ki, eger telebe bakalavr oxumaga gonderilirse qayitmasa da mumkundur. Chunki o hele tam ixtisasli kadr sayilmir. Lakin magistr pillesi uzre tehsil alan telebe artiq ixtisasli kadr oldugu uchun Azerbaycana qayitmalidi (herchend olkeye qayidib 5 il ishlemek sherti de muemmalidi heleki). Ferz edek, telebe 3 il Ingilterenin her hansi bir universitetinde bakalavr tehsili alir, tehsile texminen 60-70min civarinda mebleg xerclensin, ancaq tam tehsil olmadigi uchun telebe qayitmasin. O zaman proqrama ayrilmish pullar nizamsiz shekilde xerclenmish kimi sayilir. Eger bilirsize, xahish edirem, bu meseleni aydinlashdirardiz.

Nuraddin Samadzadeh said...

Salam Lalə,
Təşəkkürlər şərhinizə görə. Bakalavr təhsilinə bu məbləğdə çəkilən xərcə oxşar fayda yaranacağına skeptik yanaşsam da, bu mövzudan uzaq durmaq istəyirəm.

Geri qayıdıb-qayıtmamaqla bağlı məncə düzgün təklif irəli sürülüb (facebook şərhlərinin birində). Təhsil səviyyəsindən asılı olmayaraq hər kəs geri qayıdıb-qayıtmamaq seçimini etməkdə azad olmalıdır. Bununla belə, əgər kimsə geri qayıtmamaq qərarı verərsə, həmin adam ona xərcləndiyi pulu bazarda olan faiz dərəcəsi ilə geri qaytarmalıdır. Geri qayıdanlara isə güzəşt tətbiq oluna bilər.