Saturday, January 21, 2012

Xaricdə təhsil proqramına alternativ yanaşma


Bu yazı daha öncə bu bloqda paylaşdığım digər yazının davamıdır. Buradakı fikirlər birinci hissənin məntiqi davamı olduğundan, yalnız ilk hissəni oxuduqdan sonra bu yazını oxumağı xahiş edirəm. Həmçinin birinci hissə ilə bağlı verilmiş şərhlərə görə hamıya təşəkkür etmək istəyirəm, yazmağı unutduğum bəzi fikirləri xatırlatdınız.

Xaricdə təhsil proqramının çatışmazlıqlarından söhbət açarkən çox insan haqlı olaraq ilk növbədə proqramın hazırki korrupsiya səviyyəsini vurğulayır. Şəxsən mənim fikrimcə, rüşvətin cəzalandırmadığı bir mühitdə kiminsə vəzifəsindən sui-istifadə etməsi qəribə hal kimi gəlməli deyil. Cəzalanmayacağını əvvəlcədən bilən hər kəs üçün rüşvət risksiz gəlir mənbəyidir və bu gəlirdən imtina etməyə yalnız “insaf” və “vicdan” kimi faktorlar vadar edə bilər. Əfsuslar ki, bu faktorlar uzunmüddətli dövrdə çoxları üçün əhəmiyyətini itirir.  Ona görə, yazdığım həll üsulunu mümkün qədər insan faktorundan uzaq şəkildə formalaşdırmağa çalışmışam. Digər tərəfdən, proqramın şəffaf şəkildə həyata keçirilməsi bir çox problemləri həll etsə də, mənim birinci hissədə vurğuladığım problemlərin səbəbi vəzifədən sui-istifadə deyil. Əvvəlcədən həmçinin söyləməliyəm, müzakirə etdiyim həll bakalavr proqramlarında oxuyanlardan çox maqistratura proqramlarında oxuyanlar üçün effektivdir.

Fikrimi çalışacağam bir neçə abstrakt nümunələr ardıcıllığı ilə izah edim. Hesab edək ki, xaricdə təhsil almaq üçün ayrılmış büdcə 100 nəfərin təhsilinə kifayət edir və müxtəlif şərtlər altında bu büdcəyə tələbin necə dəyişdiyini nəzərdən keçirək. Sonda, gələcəyim nəticə ilə proqramın indiki formasını müqayisə etməyə çalışacağam.
İndiki formasında proqram pulsuzdur, yəni təqaüd proqramın iştirak edən heç bir kəs buna görə heç bir ödəniş etmir. İnsanlara bir şey pulsuz verildiyində onların davranışı istənilən nəticədən çox fərqli ola bilər. Bu halda da, ölkə xaricində uzun müddət vaxt keçirmək istəyən hər bir kəs üçün öz hesabına bunu etməkdənsə, proqrama müraciət etmək daha sərfəlidir. Həmçinin, təhsilinin müqabilində alacağı əmək məhsuldarlığından asılı olmayaraq hər kəs proqramda iştirak etməyə maraqlı olur. Ona görə, qiymətin sıfır olduğu halda tələbin çox böyük olduğunu görmək təəccüblü deyil. Nümunəni sadələşdirmək üçün, hesab edək hər il 500 nəfər müraciət edir və sonra təhsil nazirliyində oturanlar 500 nəfərin içərisində öz fikirlərinə görə ən layiqli olan 100 nəfəri seçirlər.

Təsəvvür edin təhsil nazirliyi elan edir ki, proqramda iştirak etmiş hər bir kəs təhsilini bitirdikdən sonra təhsil xərclərinin 20%-ni geri qaytarmalıdır. Əvvəlkindən fərqli olaraq, indi proqram pulsuz deyil – təhsil xərclərinin 20%-i proqramın qiymətidir. Ona görə, proqrama müraciət edənlərin də sayı azalacaq (oxucu təxmin edə bilər ki, ilk növbədə təhsilə çəkilmiş xərc qarşılığında uyğun dəyər almayanlar proqrama müraciət etməyəcək). Hesab edək ki, 20% geri ödəniş şərti ilə yalnız 400 nəfər müraciət etməyi qərar verir. Oxşar məntiqlə, tutalım 30% geri ödəniş ilə 300, 40% geri ödəniş ilə 200 və 50% geri ödəniş ilə 100 nəfər.

Əgər geri ödəniş tələb olunarsa, bir çox potensial tələbə üçün dövlət proqramı marağını itirəcək. İlk növbədə, bu o şəxslər olacaq ki, təhsillərinə çəkilmiş xərc qarşısında ona uyğun dəyər həll etməsinlər. Digər tərəfdən, alacağı təhsilin faydasından əmin olan hər bir kəs bu sistem altında maliyyələşmə ala biləcək. Daha sadə sözlərlə, hər bir kəsin ilkin gözləntiləri var: həm gələcək karyera gözləntisi, həm də təhsildən alacağı fayda. O şəxslər ki, karyera cəhətdən əmin deyillər və ya xərclərinə uyğun gəlir əldə etməyəcəklər, onlara bu sistemdən bəhrələnmək faydalı olmayacaq. Təbii olaraq, gələcək imkanlarına güvənən və təhsil xərclərindən daha çox gəlir gözləyən hər bir kəs bu sistemdən faydalanacaq.

İlk olaraq ödəniş sisteminin proqramın indiki çatışmazlıqlarını necə qarşıladığına nəzər yetirək:

1. “Prioritet ixtisaslar”. Əvvəlki hissədə izah etmişdim ki, iqtisadiyyat özü əmək qüvvəsini “prioritet ixtisaslara” yönəldir. Belə ki, hansısa sahəyə tələb artdığında həmin sahədə maaşlar da artaraq oraya marağı artırır. Həmçinin, vurğulamışdım ki, iqtisadiyyata “əsl lazım olan” ixtisasların siyahısını heç kəs siyahıda ümumiləşdir bilməz.
Mən əminəm ki, geri ödəniş əsl lazımlı ixtisaslarda oxuyan tələbələr üçün daha çox şans yaradır. Belə ki, yüksək gəlir gözləntisi olanlar ya yüksək istedadlı tələbələrdir, ya da tələb böyük olan sahələrdə çalışanlar. Hər ikisi bu şərtlər altında maneəsiz təhsil almaq imktanı qazanır.

2. Pulların bölüşdürülməsi. Birinci hissədə unutduğum, sonradan mənə şərhlərdə xatırladılan daha bir çatışmazlıq. Təqaüd proqramı altında tələbələr hər hansı bir təhsil səviyyəsi üçün daha ucuz universitet seçməkdə maraqlı deyillər. Məsələn, təhsil səviyyələri oxşar olan Almaniya və İngiltərə universitetləri arasında illik ödəniş 10 min avroya yaxın fərq olsa belə, çoxları İngiltərəyə üstünlük verir. Effektiv olaraq, bu pul daha bir tələbənin təhsilinə ayrıla bilərdi.
Geri ödəniş tələb olunduğu halda hər kəsin birbaşa marağındadır ki, daha ucuz xərc olacaq universiteti seçsin. Həmçinin, yaşayış xərcləri üçün lazım olandan daha çox götürmək də tələbənin marağında olmayacaq.

3. Seçimin ədalətliliyi. Əvvəlki halda fərqli olaraq, heç kəs ədalətsiz seçim haqqında şikayət etmək hüququnda olmayacaq. Belə ki, təhsil alıb-almamaq qərarını kabinetdə oturan bir qrup şəxs deyil, həmin şəxsin özü verir. Seçimdə olan səhv imkanı aradan qalxır, belə ki, hər kəs öz bacarığı haqqında hamıdan çox məlumatlıdır. Seçim qərarını öz verməklə hər bir kəs öz bacarığını nazirlikdəkilərdən daha düzgün qiymətləndirir və daha ədalətli qərar verir.

Kredit sisteminin ümumilikdə təqaüd sistemində daha effektiv olduğundan əmin olsam, bəzi “layiqli” kateqoriyasına düşən kütləni imkandan məhdudlaşdıra bilər. Ona görə təqaüd sistemini daha kiçik ölçüdə olsa da qüvvədə saxlayan növbəti sistemi nəzərdən keçirmək olar. Azərbaycan neft sərvətlərinin hesabına bir çox ölkələrdən daha əlverişli vəziyyətdədir. Maliyyə sərvətlərimizin bir hissəsini gələcək nəsillərə ötürmək üçün neft fondumuz mövcuddur və neft fondunun bu məqsədinə zərər vurmadan təhsil imkanlarını daha geniş etmək olar:


  • Dövlət neft fondu kredit üçün büdcəni ayırır, müraciət edən hər kəs kredit ala bilər. Kreditə görə gələcəkdə olan ödənişlərə maliyyə sərvətlərini ötürməyin bir üsulu kimi baxmaq olar.
  • Təhsil nazirliyi ayrılmış büdcədən kreditlər üzrə itirilmiş faiz və ya digər gəlirləri Neft Fonduna kompensasiya edir, beləliklə gələcəyə ötürülmüş pullar üzrə itki aradan qaldırılır
  • Nazirliyin büdcəsinin qalan hissəsi təqaüd şəklində verilməyə davam edir

Təklifi formalaşdıranda əsas məqəsdim elə bir sistem hazırlamaq idi ki, əlavə heç bir xərc tələb etməsin və bununla belə daha çox tələbənin təhsil almasına imkan yaratsın.


İnkişaf etmiş ölkələrin bir çoxunda hətta solçular belə təhsilin təqaüd ilə deyil, kreditlə maliyyələşdirilməsini dəstkələyirlər. Mənim fikrimcə də kredit sistemi daha effektivdir, belə ki, hər kəs çəkilmiş xərcə görə birbaşa məsuliyyət daşıyanda resursları daha effektiv bölüşdürmək mümkündür. Bununla belə, əgər geri ödəniş həyata keçirmək qabiliyyətində olmayan hansısa qrupların təhsil alması vacib hesab olunarsa, qalan təqaüd büdcəsindən onları maliyyələşdirmək olar. Uzun olan yazının daha da uzun olmaması üçün daha ətraflı yazmayacağam. Yuxarıdakı ilə birlikdə mənim fikrimcə daha az effektiv olan bir neçə alternativ fikrim də var. Maraq böyük olarsa gələcəkdə yenidən bu mövzuya bəlkə yenə qayıtdım.

Monday, January 2, 2012

Xaricdə təhsil proqramının iqtisadi təhlili

Bloqa mənə çox yaxın olan mövzu ilə başlamaq istəyirəm. İlkin baxışda xaricdə təhsil qeyri-adi bir mövzu deyil, lakin mənim müşahidələrimdən aşağıdakı fikirlərin çoxu diqqətdən kənar qalıb. Həmçinin, bu yazı dövlətin tam səmimiyyətlə, daha faydalı nəticəyə nail olmaq məqsədi ilə müdaxilə etməsinin əslində nə dərəcədə effektsiz olmasına tipik nümunə rolunu da oynaya bilər. Bu yazıda mən ancaq tənqidi fikirlərimi yazacağam, məsələni mənim fikrimcə necə həll etmək olar sualını sonrakı yazıda cavablandırmağı planlaşdırıram.

İstənilən bir ölkənin inkişaf səviyyəsini müəyyən edən əsas bir neçə faktora baxsaq, cəmiyyətin təhsil səviyyəsini iqtisadi inkişafa təsir edən ən əhəmiyyətli amillər sırasında görmək olar. Sahibkarlıq qabiliyyəti, texnoloji inkişaf, əməyin məhsuldarlığı və s.-ni də təhsilin bir məhsulu olduğunu qəbul eləsək, uznmüddətli dövrdə inkişafı təmin edən bəlkə də ən əsas amil təhsil olar.

Azərbaycanda təhsilin acınacaqlı vəziyyəti hər halda çoxlarınıza məlumdur. Ona görə tələbələrin xaricdə təhsil almaqları yuxarıda dediyim təhsil səviyyəsini qaldırmaqda xüsusi rol oynayır. Orta Azərbaycan ailəsinin gəliri xaricdə təhsil xərclərini qarşılamağa çətin bəs etsin, özəl sektorda təklif olunan məhsulların (bank kreditlərinin) şərtləri isə çətin hansısa tələbəyə əlverişli görsənsin. Bu nöqtədən baxanda, təhsil nazirliyinin təklif etdiyi proqram çox böyük boşluğu doldurur. Proqramın strukturuna da ilk baxışda bəlkə fikirləşmək olar ki, proqram cəmiyyətə maksimum fayda verəcək şəkildə qurulub. Nazirlik mövqeyindən baxsaq məsələyə - “Azərbaycanda müəyyən sahələrdə peşəkarlara tələb digərlərindən daha çoxdur – ona görə yalnız prioritet sahədə oxuyan tələbələrə maliyyə ayıracağıq. Bizim büdcəmiz getmək istəyən bütün tələbələrin xərcini qarşılamağa bəs deyil, ona görə sənədlərə baxıb ən layiqliləri seçib, onlara maliyyə yardımı ayıracağıq”. Nə qədər qəribə səslənsə də belə, bu struktur yuxarıdakı məqsədləri əldə etməkdə effektiv deyil.

Daha yaxından baxsaq, əslində ölkə üçün ümumilikdə fayda gətirməsi üçün qəbul olunmuş elementlərin nə qədər də zərər verdiyini görmək olar:

1. Prioritet ixtisaslar. Proqramın strukturunda əsas çatışmazlıqlardan biri – onun yerli bazarda ən lazımlı ixtisasların hansıların olduğunu bildiyini hesab etməsidir. Doğrudan da, əgər təhsil yalnız müəyyən, “ölkəyə bu ixtisaslar lazımdır” hesab etdiyi sahələrə pul ayırırsa, dövlətin siyahıya daxil etmədiyi, lakin faktiki olaraq lazımlı sahələr bundan yalnız ziyana uğrayacaq. Əslində, əgər tələbələrin ölkəyə lazımlı ixtisaslarla təhsil almasını təmin etmək məqsəddirsə - ən yaxşı üsul heç bir siyahını hazırlamamaqdır.

Ölkədə hansısa sahədə mütəxəssisə tələb böyük olduqda, həmin sahə üzrə maaşlar artır. Artan maaş isə əmək bazarında “siqnaldır” və yüksək maaş qazanmaq imkanı bu sahəyə olan marağı artırır. Heç bir kəs, əmək bazarında olan bütün bu “siqnalları” kiçik bir siyahıda əhatə edə bilməz. Ona görə, insanların özündə hansı sahədə tələb varsa, o sahədə də oxumaq meyli var. Proqramın maksimum effektivliyi – heç bir siyahını hazırlamadan seçimi kütləyə buraxmaqdır. Paradoksal səslənə bilər, amma kütlənin özünün ixtisaslar üzrə bölüşməsi istənilən siyahı hazırlayandan daha effektivdir.

Prioritet siyahılar isə 2 problem yaradır – ölkədə bəlkə də lazım olmayan ixtisaslar üzrə təhsil imkanları, ölkədə doğrudan lazım olan ixtisaslar üzrə təhsil imkanının olmaması. Artıq dediyim kimi, heç kəs bazarı hər bir detalında bilə bilməz və hazırlanmış “prioritet ixtisaslar siyahı”-larının hamısı bu problemə məhkumdurlar. İndiki proqramdan xəbəri olanlar belə hallara nümunələrin çox olması ilə razılaşarlar.

2. Prioritet ixtisasda oxumaq gələcəkdə prioritet ixtisasda çalışmaq anlamına gəlmir. İnsanların sadəcə yeni ölkə və mühitdə yaşamaq həvəsi var. Ona görə, çox adam bəlkə də ona maraqsız olan sahədə belə oxumağa hazırdır və qayıtdıqdan sonra həmin sahədə işləmək fikri yoxdur. Bəlkə də, ona özünə maraqlı olan sahədə oxumaq imkanı verilsə idi, gələcəkdə peşəkar işçi olardı. İndi isə, dövlət pullarının havaya sovrulması.

3. Seçim prosesi. Yuxarıda deyildiyi kimi, dövlət “ən layiqli” olanları özü seçir. Proqram üçün ayrılmış büdcə bütün ixtisaslar üçün ümumidir. Həm iqtisadiyyat oxuyacaq, həm də fizika oxuyacaq tələbələr eyni vəsait üçün rəqabət aparırlar. Belə iki fərqli sahədə oxuyacaq tələbəni necə effektiv müqayisə edib, hanısının ölkəyə daha lazımlı olmasını müəyyən etmək, tamamilə fərqli sahədən olan tələbələr arasında düzgün müqayisə aparıb seçim etmək necə mümkündür? Hətta eyni ixtisas çərçivəsində belə seçimin düzgünlüyünü şübhə altına almaq olar. Mən əminəm ki, belə müqayisələrdə də böyük səhvlərə yol verilir. Bəlkə də oxucu fikirləşə bilər ki, hər ixtisas üçün ayrıca büdcənin ayrılması bu problemi qismən həll edə bilər, lakin qeyd etməliyəm ki, bu üsul effektiv deyil və daha da böyük problemlərin yaranması ilə nəticələnə bilər (daha ətraflı sonrakı yazıda).

Yuxarıda göstərilmiş problemlələri həll edəcək sistem mənim fikrimcə mövcuddur, həmçinin bütün qəribəliyi ilə birlikdə, həmin sistem dövlətə hətta daha az maliyyə vəsaiti xərcləməyə də icazə verir. Hələlik isə yalnız tənqidim ilə kifayətlənirəm.

Yenidən!!!

Nəhayət ki, bloqda üç ildir edən səssizliyi pozmaq qərarına gəldim. Bu səhifədə birinci dəfə olanlar haqlı olaraq deyə bilərlər ki, burada üç il əvvəl hansısa yazının olmasına işarə belə yoxdur. Səbəb, son illər ərzində baxışlarımda olan dəyişiklikdir. Ən azı əvvəl yazdığım qədər yazı yazmamış köhnə yazıları yenidən göstərmək istəmirəm. Aydın məsələ, yazıların müəllifi eyni adam olaraq qalır və köhnə bloqu oxuyanlar qoyulan suallarda əvvəlki yazılarla oxşarlığı rahtlıqla görə bilərlər.

Bloqqinq aləminə yeni və uğurlu səyahət ümidi ilə!