Sosialist
keçmişi olan bir xalq kimi, dövlətin iqtisadi və sosial həyatımızda aktiv
roluna hər halda öyrəşmişik. Bununla belə, bəzən mənə qəribə gəlir insanlar necə
də asanlıqla bir çox funksiyaların dövlət tərəfindən həyata keçirilməsini qəbul
edirlər. Bazar iqtisadiyyatı mövqeyindən baxdıqda belə, dövlətin bəzi xidmətləri
göstərməsini əsaslandırmaq asandır (məsələn milli təhlükəsizlik və ya ibtidai təhsil),
dövlətin göstərdiyi bəzi xidmətlər nisbətən geniş müzakirə mövzusudur (məsələn,
pul çapına nəzarət) və bəzi xidmətləri dövlətin göstərməsini əsaslandırmaq tamamilə
çətindir (bu yazının mövzusu).
Tələbələrin
universitetə qəbulu iki tərəf arasında həyata keçirilən prosesdir – tələbələr və
universitetlər. Azərbaycanda isə, bu iki tərəf arasında münasibətlərin tənzimləməsi
üçüncü tərəfə - TQDK-ya tapşırılıb. Böyük ehtimal ki, bu cür yanaşmanın əsas səbəbi
universitetlərin qəbul prosesini müstəqil olaraq keçirə bilməyəcəklərinin hesab
edilməsi və mərkəzləşmiş sistemin daha effektiv olduğunun düşünülməsi idi. Bəlkə
də, ilkin illərdə bu fərziyyə doğru idi, lakin bu yazıda mən göstərməyə
çalışıram ki, zaman keçdikcə TQDK artıq inkişafın qarşısını alan bir quruma
çevrilmişdir.
Siz nə vaxtsa
TQDK-nın qrupları hansı məntiqlə bölməsi və hansı qrupda qəbulun hansı fənlər
üzrə olmasını necə müəyyən etməsi maraqlandırıb? Mən həmişə düşünmüşəm ki, gələcək
iqtisadçı kimi mənim coğrafiya, ədəbiyyat və yeni abiturientlər üçün – tarix fənlərindən
imtahan verməyimin nə qədər əhəmiyyəti var. Bu fənlər gələcəkdə təhsildə lazım
olmur və onları bilmək yaxşı iqtisadçı potensialı haqqında xəbər vermir.
Universitetlərin də bir çoxu hər halda razılaşarlar, iqtisadiyyat oxumaq üçün tələbə
götürdükdə onları bu fənlər maraqlandırmır. Təxmin etmək olar ki, əgər tələbə qəbulunu
universitetlər aparmaq sərbəst olsaydılar, onlar bu fənlərdən imtahan tələb etməzdilər.
Bu, həm də abiturientlər üçün daha faydalı seçim olardı.
Bu cür
yanaşmada problem ondadır ki, tələbə qəbulu prosesində TQDK-nın ilkin və əsas
marağı - tələbə qəbulu prosesinin fəaliyyət göstərməsini təmin etməkdir və TQDK
bu funksiyanı tam yerinə yetirir. Digər tərəfdən, qəbul prosesini mümkün qədər
universitet və abiturientlərin maraqlarına uyğun olaraq təşkil etmək TQDK-nın
maraqlarına daxil deyil və bunun üçün onda stimul yoxdur. Bunun bir neçə səbəbi
var. Bu səbəblərdən ən əsası dövlət tərəfindən TQDK-ya xüsusi səlahiyyətlərin –
tələbə qəbulu prosesi üzərində monopoliyanın verilməsidir və TQDK-nın
davranışında monopoliyalar üçün tipik elementlər özünü əks etdirməkdədir. TQDK-ya
seçim prosesi üzərində monopoliyanın verilməsi ona alternativ olan və tələbə və
universitetlərin marağını daha yaxşı əks etdirən yeni bir sistemin meydana gəlməsinin
qarşısı süni surətdə alınır.
TQDK-nın fəaliyyətini
bu prizmadan təhlil etdikdə onun mövcudluğunun mənfi tərəflərini görmək daha
rahat olur. Əvvəlki abzasda qeyd etdiyim kimi, TQDK-nın maraqlarına universitet
və abiturientlər üçün ən uyğun olan şəkildə qəbul həyata keçirmək daxil deyil, lakin
müstəqil bazar mövcud olduğu hallarda TQDK qaydaları ilə razılaşmayan
universitetlər bazarda mövcud olan digər proqramlara müraciət edə bilərdilər.
TQDK-ya verilmiş xüsusi səlahiyyətlər isə bu cür alternativlərin yaranmasının
qarşısını alır. Universitet və tələbələrin müraciət edəcəyi digər bir qurum
mövcud olmadığından, onların maraqlarını da əsk etdirmək TQDK üçün maraqlı
deyil. Ona görə də, gələcək ixtisas ilə bağlı olmayan, məntiqdan çox əzbərçiliyə
doğru yönəlmiş sistem mövcud olaraq qalmaqdadır və bu sistemi inkişaf etdirmək
tərəflərin marağında deyil.
Dövlətin tələbə
qəbulu prosesinə müdaxilə etmədiyi hallara nümunə kimi ABŞ-dakı SAT və ya GMAT
imtahanlarını göstərmək olar. Bu imtahanları təmin edən qruplar birbaşa olaraq
universitetlərə xidmət edirlər və ya universitetlər tərəfindən yaradılmışlar.
Bunun nəticəsi olaraq, universitetlərin birbaşa marağında olan tərzdə imtahan
aparmaq bu qurumların birbaşa marağındadır. Xüsusilə də maqistraturaya qəbul
üçün eyni zamanda həm GRE, həm GMAT-in mövcudluğu bazarda daimi rəqabəti və
inkişafı təmin edir. Bu testlərlə tanış olan hər bir kəs, onların tələbənin
bacarığını müəyyən etməkdə TQDK imtahanlarından daha effektiv olması ilə
razılaşar. Dövlət bu prosesə müdaxilə etdikdə və mərkəzləşdirilmiş bir qurum bu
prosesi tənzimlədikdə isə bu cür təbii inkişafların qarşısı alınır.
Rəqabətə açıq
olan bazarda TQDK-nın mövcud olması problem deyil. Əgər xüsusilə də TQDK-ya
verilmiş xüsusi səlahiyyətlər alınarsa və bazar hər kəs üçün açıq olarsa,
bundan sonra TQDK liderliyini qoruduğu halda, bu, onun mövcud ən yaxşı
alternativi təmin etməsinin göstəricisi olardı. Xüsusilə də bazarda rəqabətin
mövcudluğu və universitet/tələbələrin digər qəbul imtahanları seçimində azad
olmaqları TQDK-ya öz imtahanlarını daha sürətlə inkişaf etdirməyə və bütün tərəflərin
maraqların stimullaşdırmağa imkan yaradardı.
Burada
yazdığıma qarşı qoyulan əsas fikir – Azərbaycanda sərbəst bazarın çalışa bilməyəcəyidir.
Mən bu fikirlə razı deyiləm, lakin yazının qısalığı üçün bu növ arqumentləri
burada cavablandırmıram. Bununla belə, şərhlərdə müzakirəyə şad olaram.
Yazının
sonunda sadəcə demək istəyirəm mənim TQDK-ya qarşı bir qərəzliyim yoxdur.
Çoxları kimi mən də düşünürəm ki, bir dövlət orqanı kimi TQDK öz işini daha səliqəli
görənlərdəndir. Eyni zamanda, azad bazarların tərəfdarı kimi, mən düşünürəm ki,
bu cür məsələlərdə cəmiyyət dövlət müdaxiləsi olmadan öz seçimini etməkdə azad
olmalıdır.