Saturday, March 3, 2012

TQDK və Bazarın Müstəqil Fəaliyyəti


Sosialist keçmişi olan bir xalq kimi, dövlətin iqtisadi və sosial həyatımızda aktiv roluna hər halda öyrəşmişik. Bununla belə, bəzən mənə qəribə gəlir insanlar necə də asanlıqla bir çox funksiyaların dövlət tərəfindən həyata keçirilməsini qəbul edirlər. Bazar iqtisadiyyatı mövqeyindən baxdıqda belə, dövlətin bəzi xidmətləri göstərməsini əsaslandırmaq asandır (məsələn milli təhlükəsizlik və ya ibtidai təhsil), dövlətin göstərdiyi bəzi xidmətlər nisbətən geniş müzakirə mövzusudur (məsələn, pul çapına nəzarət) və bəzi xidmətləri dövlətin göstərməsini əsaslandırmaq tamamilə çətindir (bu yazının mövzusu).

Tələbələrin universitetə qəbulu iki tərəf arasında həyata keçirilən prosesdir – tələbələr və universitetlər. Azərbaycanda isə, bu iki tərəf arasında münasibətlərin tənzimləməsi üçüncü tərəfə - TQDK-ya tapşırılıb. Böyük ehtimal ki, bu cür yanaşmanın əsas səbəbi universitetlərin qəbul prosesini müstəqil olaraq keçirə bilməyəcəklərinin hesab edilməsi və mərkəzləşmiş sistemin daha effektiv olduğunun düşünülməsi idi. Bəlkə də, ilkin illərdə bu fərziyyə doğru idi, lakin bu yazıda mən göstərməyə çalışıram ki, zaman keçdikcə TQDK artıq inkişafın qarşısını alan bir quruma çevrilmişdir.

Siz nə vaxtsa TQDK-nın qrupları hansı məntiqlə bölməsi və hansı qrupda qəbulun hansı fənlər üzrə olmasını necə müəyyən etməsi maraqlandırıb? Mən həmişə düşünmüşəm ki, gələcək iqtisadçı kimi mənim coğrafiya, ədəbiyyat və yeni abiturientlər üçün – tarix fənlərindən imtahan verməyimin nə qədər əhəmiyyəti var. Bu fənlər gələcəkdə təhsildə lazım olmur və onları bilmək yaxşı iqtisadçı potensialı haqqında xəbər vermir. Universitetlərin də bir çoxu hər halda razılaşarlar, iqtisadiyyat oxumaq üçün tələbə götürdükdə onları bu fənlər maraqlandırmır. Təxmin etmək olar ki, əgər tələbə qəbulunu universitetlər aparmaq sərbəst olsaydılar, onlar bu fənlərdən imtahan tələb etməzdilər. Bu, həm də abiturientlər üçün daha faydalı seçim olardı.

Bu cür yanaşmada problem ondadır ki, tələbə qəbulu prosesində TQDK-nın ilkin və əsas marağı - tələbə qəbulu prosesinin fəaliyyət göstərməsini təmin etməkdir və TQDK bu funksiyanı tam yerinə yetirir. Digər tərəfdən, qəbul prosesini mümkün qədər universitet və abiturientlərin maraqlarına uyğun olaraq təşkil etmək TQDK-nın maraqlarına daxil deyil və bunun üçün onda stimul yoxdur. Bunun bir neçə səbəbi var. Bu səbəblərdən ən əsası dövlət tərəfindən TQDK-ya xüsusi səlahiyyətlərin – tələbə qəbulu prosesi üzərində monopoliyanın verilməsidir və TQDK-nın davranışında monopoliyalar üçün tipik elementlər özünü əks etdirməkdədir. TQDK-ya seçim prosesi üzərində monopoliyanın verilməsi ona alternativ olan və tələbə və universitetlərin marağını daha yaxşı əks etdirən yeni bir sistemin meydana gəlməsinin qarşısı süni surətdə alınır.

TQDK-nın fəaliyyətini bu prizmadan təhlil etdikdə onun mövcudluğunun mənfi tərəflərini görmək daha rahat olur. Əvvəlki abzasda qeyd etdiyim kimi, TQDK-nın maraqlarına universitet və abiturientlər üçün ən uyğun olan şəkildə qəbul həyata keçirmək daxil deyil, lakin müstəqil bazar mövcud olduğu hallarda TQDK qaydaları ilə razılaşmayan universitetlər bazarda mövcud olan digər proqramlara müraciət edə bilərdilər. TQDK-ya verilmiş xüsusi səlahiyyətlər isə bu cür alternativlərin yaranmasının qarşısını alır. Universitet və tələbələrin müraciət edəcəyi digər bir qurum mövcud olmadığından, onların maraqlarını da əsk etdirmək TQDK üçün maraqlı deyil. Ona görə də, gələcək ixtisas ilə bağlı olmayan, məntiqdan çox əzbərçiliyə doğru yönəlmiş sistem mövcud olaraq qalmaqdadır və bu sistemi inkişaf etdirmək tərəflərin marağında deyil.

Dövlətin tələbə qəbulu prosesinə müdaxilə etmədiyi hallara nümunə kimi ABŞ-dakı SAT və ya GMAT imtahanlarını göstərmək olar. Bu imtahanları təmin edən qruplar birbaşa olaraq universitetlərə xidmət edirlər və ya universitetlər tərəfindən yaradılmışlar. Bunun nəticəsi olaraq, universitetlərin birbaşa marağında olan tərzdə imtahan aparmaq bu qurumların birbaşa marağındadır. Xüsusilə də maqistraturaya qəbul üçün eyni zamanda həm GRE, həm GMAT-in mövcudluğu bazarda daimi rəqabəti və inkişafı təmin edir. Bu testlərlə tanış olan hər bir kəs, onların tələbənin bacarığını müəyyən etməkdə TQDK imtahanlarından daha effektiv olması ilə razılaşar. Dövlət bu prosesə müdaxilə etdikdə və mərkəzləşdirilmiş bir qurum bu prosesi tənzimlədikdə isə bu cür təbii inkişafların qarşısı alınır.

Rəqabətə açıq olan bazarda TQDK-nın mövcud olması problem deyil. Əgər xüsusilə də TQDK-ya verilmiş xüsusi səlahiyyətlər alınarsa və bazar hər kəs üçün açıq olarsa, bundan sonra TQDK liderliyini qoruduğu halda, bu, onun mövcud ən yaxşı alternativi təmin etməsinin göstəricisi olardı. Xüsusilə də bazarda rəqabətin mövcudluğu və universitet/tələbələrin digər qəbul imtahanları seçimində azad olmaqları TQDK-ya öz imtahanlarını daha sürətlə inkişaf etdirməyə və bütün tərəflərin maraqların stimullaşdırmağa imkan yaradardı.

Burada yazdığıma qarşı qoyulan əsas fikir – Azərbaycanda sərbəst bazarın çalışa bilməyəcəyidir. Mən bu fikirlə razı deyiləm, lakin yazının qısalığı üçün bu növ arqumentləri burada cavablandırmıram. Bununla belə, şərhlərdə müzakirəyə şad olaram.

Yazının sonunda sadəcə demək istəyirəm mənim TQDK-ya qarşı bir qərəzliyim yoxdur. Çoxları kimi mən də düşünürəm ki, bir dövlət orqanı kimi TQDK öz işini daha səliqəli görənlərdəndir. Eyni zamanda, azad bazarların tərəfdarı kimi, mən düşünürəm ki, bu cür məsələlərdə cəmiyyət dövlət müdaxiləsi olmadan öz seçimini etməkdə azad olmalıdır.

2 comments:

Kanan Karimzada said...

Əziz Nurəddin qardaş, həmişəki kimi çox gözəl yazıya görə təşəkkürlər. Mən də bazarların gücünə və daha səmərəli həllər tapdığına inanan biri kimi dediklərin əksəriyyəti ilə razıyam və ümumilikdə yazılanlarınla həmişə müzakirə mühitini tətiklədiyin üçün sənə böyük sağol düşür.

Keçənlərdə xatırlayırsansa əgər, fb-də hansı dövlət qurumuna institusional inamınız var deyə bir sual qoymuşdum. Sorğuda iştirak edənlərin də əksəriyyətinin ürəyi TQDK-dan yana idi. Burda qeyd etdiyin kimi TQDK-nın fəaliyyətinin lehinə həmişə bu arqument olacaq. TQDK bəlkə yeganə qurumdur ki bizim məmləkətdə bir qəbul prosesində şəffaflıq təminatı verir, kəndçi babanın uşağı heç bir əngəl olmadan gəlib universitetə daxil olur. Bu baxımdan bizim dövlət müdaxiləsi bol olan axsaq bazarımızda TQDK-nın varlığı elə əslində indiki şərtlərlə bir müsbət bazar korrektəsidir. Bu baxımdan, təhsilin hamıya əlçatan olmasını təmin edən (equity) bu quruma ehtiyac böyükdür.

Bizim bu mövzularda istənilən müzakirəmiz köklü olaraq gəlib səmərəlilik (efficiency) və ədalətlilik (equity) prinsipləri üzərində dayanır. Sən qeyd etdiyin faydalılıq əslində səmərələlilik nöqteyi nəzərindən çox doğrudur. Amma axsaq bazar şərtlərinin hökm sürdüyü məmləkətdə TQDK əslində ədalətlilik prinsipinin keşikçisi rolunda çıxış edir. Bunu nəzərə almalıyıq, yoxsa aydındır ki tək faydalılıq və səmərələlik bizim əsas marağımız olsa, bütün sahələri buraxaq bazarın öhdəsinə, heç bir müdaxiləyə gərək yox.

Tam səmimiyyətlə, SAT və GMAT kimi sistemin tətbiqinin tərəfdarıyam, özüdə ikiəlli tərəfdarıyam. Amma bunun üçün islahatlar lazımdır çox yaxşı bilirsən ki. İslahat isə ümumi muhitin yaxşılaşdırılması, korrupsiya/rüşvət əngəllərinin aradan qaldırılması, universitetlərin özəlləşdirilməsi və son günlər müzakirə etdiyimiz kimi tələbələrin təhsil kreditlərinə çıxışının yaradılması.

Hələlik bu qədər

Anonymous said...

Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)