Bu yazı daha öncə
bu bloqda paylaşdığım digər yazının davamıdır. Buradakı fikirlər birinci hissənin məntiqi davamı olduğundan, yalnız ilk hissəni oxuduqdan sonra bu
yazını oxumağı xahiş edirəm. Həmçinin birinci hissə ilə bağlı verilmiş şərhlərə
görə hamıya təşəkkür etmək istəyirəm, yazmağı unutduğum bəzi fikirləri
xatırlatdınız.
Xaricdə təhsil
proqramının çatışmazlıqlarından söhbət açarkən çox insan haqlı olaraq ilk növbədə
proqramın hazırki korrupsiya səviyyəsini vurğulayır. Şəxsən mənim fikrimcə,
rüşvətin cəzalandırmadığı bir mühitdə kiminsə vəzifəsindən sui-istifadə etməsi
qəribə hal kimi gəlməli deyil. Cəzalanmayacağını əvvəlcədən bilən hər kəs üçün
rüşvət risksiz gəlir mənbəyidir və bu gəlirdən imtina etməyə yalnız “insaf” və
“vicdan” kimi faktorlar vadar edə bilər. Əfsuslar ki, bu faktorlar uzunmüddətli
dövrdə çoxları üçün əhəmiyyətini itirir. Ona görə, yazdığım həll üsulunu mümkün qədər
insan faktorundan uzaq şəkildə formalaşdırmağa çalışmışam. Digər tərəfdən,
proqramın şəffaf şəkildə həyata keçirilməsi bir çox problemləri həll etsə də, mənim
birinci hissədə vurğuladığım problemlərin səbəbi vəzifədən sui-istifadə deyil.
Əvvəlcədən həmçinin söyləməliyəm, müzakirə etdiyim həll bakalavr proqramlarında
oxuyanlardan çox maqistratura proqramlarında oxuyanlar üçün effektivdir.
Fikrimi
çalışacağam bir neçə abstrakt nümunələr ardıcıllığı ilə izah edim. Hesab edək
ki, xaricdə təhsil almaq üçün ayrılmış büdcə 100 nəfərin təhsilinə kifayət edir
və müxtəlif şərtlər altında bu büdcəyə tələbin necə dəyişdiyini nəzərdən keçirək.
Sonda, gələcəyim nəticə ilə proqramın indiki formasını müqayisə etməyə
çalışacağam.
İndiki formasında
proqram pulsuzdur, yəni təqaüd proqramın iştirak edən heç bir kəs buna görə heç
bir ödəniş etmir. İnsanlara bir şey pulsuz verildiyində onların davranışı istənilən
nəticədən çox fərqli ola bilər. Bu halda da, ölkə xaricində uzun müddət vaxt
keçirmək istəyən hər bir kəs üçün öz hesabına bunu etməkdənsə, proqrama müraciət
etmək daha sərfəlidir. Həmçinin, təhsilinin müqabilində alacağı əmək məhsuldarlığından
asılı olmayaraq hər kəs proqramda iştirak etməyə maraqlı olur. Ona görə, qiymətin
sıfır olduğu halda tələbin çox böyük olduğunu görmək təəccüblü deyil. Nümunəni
sadələşdirmək üçün, hesab edək hər il 500 nəfər müraciət edir və sonra təhsil
nazirliyində oturanlar 500 nəfərin içərisində öz fikirlərinə görə ən layiqli
olan 100 nəfəri seçirlər.
Təsəvvür edin təhsil
nazirliyi elan edir ki, proqramda iştirak etmiş hər bir kəs təhsilini bitirdikdən
sonra təhsil xərclərinin 20%-ni geri qaytarmalıdır. Əvvəlkindən fərqli olaraq,
indi proqram pulsuz deyil – təhsil xərclərinin 20%-i proqramın qiymətidir. Ona
görə, proqrama müraciət edənlərin də sayı azalacaq (oxucu təxmin edə bilər ki,
ilk növbədə təhsilə çəkilmiş xərc qarşılığında uyğun dəyər almayanlar proqrama
müraciət etməyəcək). Hesab edək ki, 20% geri ödəniş şərti ilə yalnız 400 nəfər
müraciət etməyi qərar verir. Oxşar məntiqlə, tutalım 30% geri ödəniş ilə 300,
40% geri ödəniş ilə 200 və 50% geri ödəniş ilə 100 nəfər.
Əgər geri ödəniş tələb
olunarsa, bir çox potensial tələbə üçün dövlət proqramı marağını itirəcək. İlk
növbədə, bu o şəxslər olacaq ki, təhsillərinə çəkilmiş xərc qarşısında ona
uyğun dəyər həll etməsinlər. Digər tərəfdən, alacağı təhsilin faydasından əmin
olan hər bir kəs bu sistem altında maliyyələşmə ala biləcək. Daha sadə sözlərlə,
hər bir kəsin ilkin gözləntiləri var: həm gələcək karyera gözləntisi, həm də təhsildən
alacağı fayda. O şəxslər ki, karyera cəhətdən əmin deyillər və ya xərclərinə
uyğun gəlir əldə etməyəcəklər, onlara bu sistemdən bəhrələnmək faydalı
olmayacaq. Təbii olaraq, gələcək imkanlarına güvənən və təhsil xərclərindən
daha çox gəlir gözləyən hər bir kəs bu sistemdən faydalanacaq.
İlk olaraq ödəniş
sisteminin proqramın indiki çatışmazlıqlarını necə qarşıladığına nəzər yetirək:
1. “Prioritet ixtisaslar”. Əvvəlki hissədə izah etmişdim ki, iqtisadiyyat özü əmək
qüvvəsini “prioritet ixtisaslara” yönəldir. Belə ki, hansısa sahəyə tələb artdığında
həmin sahədə maaşlar da artaraq oraya marağı artırır. Həmçinin, vurğulamışdım
ki, iqtisadiyyata “əsl lazım olan” ixtisasların siyahısını heç kəs siyahıda
ümumiləşdir bilməz.
Mən əminəm ki,
geri ödəniş əsl lazımlı ixtisaslarda oxuyan tələbələr üçün daha çox şans
yaradır. Belə ki, yüksək gəlir gözləntisi olanlar ya yüksək istedadlı tələbələrdir,
ya da tələb böyük olan sahələrdə çalışanlar. Hər ikisi bu şərtlər altında maneəsiz
təhsil almaq imktanı qazanır.
2. Pulların bölüşdürülməsi. Birinci hissədə unutduğum, sonradan mənə şərhlərdə
xatırladılan daha bir çatışmazlıq. Təqaüd proqramı altında tələbələr hər hansı
bir təhsil səviyyəsi üçün daha ucuz universitet seçməkdə maraqlı deyillər. Məsələn,
təhsil səviyyələri oxşar olan Almaniya və İngiltərə universitetləri arasında
illik ödəniş 10 min avroya yaxın fərq olsa belə, çoxları İngiltərəyə üstünlük
verir. Effektiv olaraq, bu pul daha bir tələbənin təhsilinə ayrıla bilərdi.
Geri ödəniş tələb
olunduğu halda hər kəsin birbaşa marağındadır ki, daha ucuz xərc olacaq
universiteti seçsin. Həmçinin, yaşayış xərcləri üçün lazım olandan daha çox
götürmək də tələbənin marağında olmayacaq.
3. Seçimin ədalətliliyi. Əvvəlki halda fərqli olaraq, heç kəs ədalətsiz
seçim haqqında şikayət etmək hüququnda olmayacaq. Belə ki, təhsil alıb-almamaq
qərarını kabinetdə oturan bir qrup şəxs deyil, həmin şəxsin özü verir. Seçimdə
olan səhv imkanı aradan qalxır, belə ki, hər kəs öz bacarığı haqqında hamıdan
çox məlumatlıdır. Seçim qərarını öz verməklə hər bir kəs öz bacarığını
nazirlikdəkilərdən daha düzgün qiymətləndirir və daha ədalətli qərar verir.
Kredit sisteminin
ümumilikdə təqaüd sistemində daha effektiv olduğundan əmin olsam, bəzi
“layiqli” kateqoriyasına düşən kütləni imkandan məhdudlaşdıra bilər. Ona görə təqaüd
sistemini daha kiçik ölçüdə olsa da qüvvədə saxlayan növbəti sistemi nəzərdən
keçirmək olar. Azərbaycan neft sərvətlərinin hesabına bir çox ölkələrdən daha əlverişli
vəziyyətdədir. Maliyyə sərvətlərimizin bir hissəsini gələcək nəsillərə ötürmək
üçün neft fondumuz mövcuddur və neft fondunun bu məqsədinə zərər vurmadan təhsil
imkanlarını daha geniş etmək olar:
- Dövlət
neft fondu kredit üçün büdcəni ayırır, müraciət edən hər kəs kredit ala bilər.
Kreditə görə gələcəkdə olan ödənişlərə maliyyə sərvətlərini ötürməyin bir üsulu
kimi baxmaq olar.
- Təhsil
nazirliyi ayrılmış büdcədən kreditlər üzrə itirilmiş faiz və ya digər gəlirləri
Neft Fonduna kompensasiya edir, beləliklə gələcəyə ötürülmüş pullar üzrə itki
aradan qaldırılır
- Nazirliyin
büdcəsinin qalan hissəsi təqaüd şəklində verilməyə davam edir
Təklifi
formalaşdıranda əsas məqəsdim elə bir sistem hazırlamaq idi ki, əlavə heç bir xərc
tələb etməsin və bununla belə daha çox tələbənin təhsil almasına imkan
yaratsın.
İnkişaf etmiş ölkələrin
bir çoxunda hətta solçular belə təhsilin təqaüd ilə deyil, kreditlə maliyyələşdirilməsini
dəstkələyirlər. Mənim fikrimcə də kredit sistemi daha effektivdir, belə ki, hər
kəs çəkilmiş xərcə görə birbaşa məsuliyyət daşıyanda resursları daha effektiv
bölüşdürmək mümkündür. Bununla belə, əgər geri ödəniş həyata keçirmək qabiliyyətində
olmayan hansısa qrupların təhsil alması vacib hesab olunarsa, qalan təqaüd büdcəsindən
onları maliyyələşdirmək olar. Uzun olan yazının daha da uzun olmaması üçün daha
ətraflı yazmayacağam. Yuxarıdakı ilə birlikdə mənim fikrimcə daha az effektiv
olan bir neçə alternativ fikrim də var. Maraq böyük olarsa gələcəkdə yenidən bu
mövzuya bəlkə yenə qayıtdım.